Yuxu apnoesi
Yuxu apnoesi
Yuxu sağlam həyat tərzi üçün bədənin ümumi olaraq istirahət etdiyi dövrdür. Bu dövrdə yuxu apnoesi yaşayan şəxslərin aqressiv və əsəbi bir ruh halına bürünməsinin səbəbi yuxu rejiminin pozulmasıdır.
Yuxu apnoesi günümüzdə tez-tez rastlaşılan xəstəliklərdən biridir. Son məlumatlara əsasən ölkəmizdə sıxlığı 4-6 %-dir. Apnoe, ən az 10 saniyə müddətinə nəfəsin dayanmasının yuxu zamanı meydana gəlməsidir.
Ən əsas risk faktorlarından biri də artıq çəkidir. Ümumiyyətlə; qısaboylu, boynu qısa, artıq çəki kimi xüsusiyyətlərə malik insanlar yuxu apnoesindən əziyyət çəkirlər. Lakin normal çəkili insanlarda da görülmə ehtimalı vardır. İnsanın yuxu vəziyyətində nəfəsinin 10 saniyə dayanması, ürəyin döyüntülərini sürətləndirərək onu oyanmağa məcbur edir.
Xəstədə yuxu keyfiyyəti pozulduğuna görə, nə qədər yatsa da səhər oyandıqda yorğunluq hissi olur və gün ərzində yuxu ehtiyacı onu narahat edər. Yuxusuzluğun insanda yaratdığı daimi yorğunluq hissi, onun iş həyatına və sosial həyatına şübhəsiz ki təsir edir. Yetkin insanların 30-40 faizi yatarkən xoruldayır. Lakin, hər xoruldayan insana da yuxu apnoesi diaqnozu qoymaq yanlışdır. Yuxu apnoesində xorultu olduqca fərqli bir haldır. Yuxu apnoesi yaşayan şəxslərdə xorultu olduqca yüksək səsli olur. Apnoe zamanı qandakı oksigenin miqdarı azalır. Qandakı oksigenin azalması və prosesin daha tez-tez təkrarlanması ilk öncə beyin olmaqla bütün orqanların tez qocalmasına təkan verir.