Piylənmə iradəsizlik deyil !
Piylənmə haqqında ən çox yayılmış yanlış fikirlərdən biri budur ki, insan bir qədər iradəli olsa, az yesə və daha çox hərəkət etsə, bu problemdən asanlıqla xilas ola bilər. Əslində isə piylənmə bundan daha mürəkkəbdir. Müasir tibb piylənməni artıq sadəcə artıq çəki və ya estetik problem kimi deyil, müxtəlif bioloji, metabolik və ətraf mühit amillərinin iştirak etdiyi xroniki xəstəlik kimi qəbul edir.
Piylənmənin müalicə tarixində bunun çoxsaylı nümunələri var. Əsrlər boyu müxtəlif pəhrizlər, dərmanlar və başqa üsullar sınaqdan keçirilib. Zaman keçdikcə bəzi metodlar gözlənilən effektivliyi vermədiyinə, bəziləri isə yaratdığı fəsadlara görə öz əhəmiyyətini itirib. Bariatrik cərrahiyyə isə zamanın sınağından keçərək bu gün də öz mövqeyini qoruyub. Xüsusilə mədə kiçiltmə, yəni sleeve gastrektomiya, və qastrik şuntlama əməliyyatları uzunmüddətli nəticələri ilə piylənmənin ən güclü müalicə üsulları sırasında qalır.
15 illik bariatrik cərrahiyyə təcrübəmiz və bu müddət ərzində 3000-dən çox həyata keçirilmiş əməliyyat bizə bu sahənin inkişafını yalnız elmi ədəbiyyatdan deyil, birbaşa klinik praktikadan izləməyə imkan verib. Bu təcrübə göstərir ki, ağır piylənmə ilə mübarizədə məsələ insanın iradəsini sorğulamaq deyil, xəstəliyin mexanizmini düzgün anlamaq və uzunmüddətli nəticə verən müalicəni seçməkdir.
Çünki bədən çəkisini yalnız insanın iradəsi müəyyən etmir. İştah və toxluq mexanizmləri, genetika, maddələr mübadiləsi, yuxu, stress, yaş, hormonal və digər bioloji amillər çəkinin formalaşmasında mühüm rol oynayır. İnsan arıqladıqdan sonra orqanizmin əvvəlki çəkini bərpa etməyə çalışması da piylənmənin sadəcə özünüidarəetmə problemi olmadığını göstərir.
2025-ci ildə Obesity Reviews jurnalında dərc olunan geniş sistematik icmalda 53 tədqiqatın və 83 688 insanın məlumatları araşdırılıb. Nəticələr göstərib ki, piylənmə çox vaxt sağlamlıq problemindən daha çox xarici görünüş məsələsi kimi qəbul edilir. İnsanlar arıqlamaq istəsələr də, uzunmüddətli çəki idarəetməsi üçün kifayət qədər praktik məlumata malik olmaya bilirlər və uğursuz cəhdlər nəticəsində özlərini günahlandıra bilirlər.
Bariatrik cərrahiyyənin əhəmiyyəti də məhz burada ortaya çıxır. Mədə kiçiltmə və qastrik şuntlama yalnız qida qəbulunu azaltmağa yönəlmiş əməliyyatlar deyil. Onlar iştah, toxluq və metabolik proseslərə təsir göstərərək çəkinin azalmasına və piylənmə ilə əlaqəli diabet, arterial hipertenziya, yuxu apnesi və digər xəstəliklərin nəzarətinə kömək edə bilər.
Əlbəttə, bu gün piylənmənin müalicəsində yeni imkanlar da yaranıb. Müasir dərman müalicələri müəyyən xəstələrdə ciddi çəki itkisi təmin edə bilir, endoskopik üsullar da inkişaf edir. Bunların tibbdə öz yeri var. Lakin xüsusilə ağır piylənmədə və uzunmüddətli nəticə tələb olunan hallarda onları hələlik bariatrik cərrahiyyənin tam alternativi hesab etmək düzgün olmaz. Yeni metodların da zamanın və uzunmüddətli elmi müşahidələrin sınağından keçməsi lazımdır.
Əsas məqsəd yalnız tərəzidə rəqəmi azaltmaq deyil. Məqsəd insanın sağlamlığını yaxşılaşdırmaq, piylənmə ilə əlaqəli xəstəliklərin riskini azaltmaq və həyat keyfiyyətini yüksəltməkdir. Piylənmə iradəsizlik deyil. Bu, düzgün qiymətləndirmə və elmi əsaslara söykənən fərdi müalicə tələb edən xroniki xəstəlikdir. Piylənməyə münasibətimizi dəyişmək isə müalicənin ilk addımıdır.
PhD Anar Namazov
Bariatrik cərrah
