Mədəkiçiltmə əməliyyatı yoxsa iynələrlə arıqlamaq ?
Mədə kiçiltmə əməliyyatı, yoxsa iynələrlə arıqlamaq ?
Son vaxtlar xəstələrin ən çox verdiyi suallardan biri budur: “Mədə kiçiltmə əməliyyatı etdirim, yoxsa Mounjaro, Ozempic kimi iynələrlə arıqlayım?”
Əvvəla, qeyd etmək lazımdır ki, Mounjaro və Ozempic effektiv preparatlardır. Müəyyən xəstələrdə çəki itkisi verir. Amma onları bariatrik cərrahiyyənin əvəzi kimi təqdim etmək düzgün deyil.
Mounjaro, Ozempic, mədə balonu, mədə botoksu və digər üsulların hər birinin öz yeri var. Lakin ağır piylənməsi olan, dəfələrlə arıqlayıb yenidən kökələn və böyük həcmdə çəki itirməli olan xəstələrdə mədə kiçiltmə əməliyyatı — xüsusilə mədənin boylama rezeksiyası — tamam başqa müalicə yanaşmasıdır.
Mədənin boylama rezeksiyası sadəcə mədəni kiçiltmək deyil. Əməliyyat nəticəsində qida qəbulunun həcmi azalır, toxluq hissi dəyişir, iştahanın hormonal tənzimlənməsinə və metabolizmə təsir edən uzunmüddətli dəyişikliklər yaranır. Buna görə bariatrik cərrahiyyə düzgün seçilmiş xəstələrdə piylənmənin cərrahi və metabolik müalicəsidir.
İynələrlə müalicənin də nəzərə alınmalı tərəfləri var. Nəticəni saxlamaq üçün müalicə uzun müddət, bəzən illərlə davam edə bilər. Dərman dayandırıldıqda isə itirilmiş çəkinin yenidən qayıtması riski mövcuddur. Tirzepatid üzrə aparılmış SURMOUNT-4 tədqiqatında 36 həftəlik ilkin müalicədən sonra dərmanı dayandırıb placebo alan qrupda növbəti 52 həftə ərzində ciddi çəki artımı müşahidə olunub, müalicəni davam etdirən qrup isə əlavə çəki itkisi göstərib. Tədqiqatın nəticələri JAMA-da dərc olunub.
Əgər məqsəd cəmi 8–10 kiloqram arıqlamaqdırsa, əvvəlcə düşünmək lazımdır: bir müddət dərmanla arıqlayıb, sonra onu dayandırdıqda həmin çəkini yenidən geri almaq ehtimalı varmı? Piylənmə xroniki xəstəlik olduğuna görə, arıqlama iynələri bir çox hallarda qısa kurs deyil, uzunmüddətli müalicə strategiyasıdır.
Bu preparatlar hər kəs üçün də problemsiz deyil. Ürəkbulanma, qusma, ishal, qəbizlik və digər mədə-bağırsaq problemləri yarana bilər. Hər xəstə onları uzun müddət qəbul edə bilmir. JAMA-da dərc olunmuş tədqiqatda tirzepatid dayandırıldıqdan sonra çəki artımı ilə yanaşı, əvvəl əldə edilmiş bir sıra kardiometabolik göstəricilərdə də geriləmə müşahidə olunub.
Tirzepatid dayandırıldıqda çəkinin bərpası
Mədə balonu və mədə botoksunun imkanları daha məhduddur. Onlar müəyyən xəstələr üçün faydalı ola bilər, lakin ağır piylənməsi olan xəstədə mədənin boylama rezeksiyası ilə eyni nəticə gözləntisi ilə müqayisə edilməməlidir.
Əlbəttə, hər piylənməsi olan xəstəyə əməliyyat lazım deyil. Xəstənin çəkisi, BKİ-si, yanaşı xəstəlikləri, əvvəlki arıqlama cəhdləri və gözlənilən nəticələr fərdi şəkildə qiymətləndirilməlidir. Bəzi xəstələr üçün dərman müalicəsi daha doğru seçim ola bilər.
Ölkəmizdə bu sahədə də diqqətli olmaq lazımdır. Arıqlama iynələrinə başlamaq qərarı verərkən reklama və sosial şəbəkələrdəki vədlərə əsaslanmaq olmaz. Bu sahədə təcrübəsi olan peşəkar həkimə müraciət etmək, preparatın sizə uyğun olub-olmadığını düzgün qiymətləndirmək lazımdır. Xüsusilə ixtisası bu sahəyə birbaşa aid olmayan şəxslərin nəzarətsiz şəkildə bu müalicə ilə məşğul olmasına diqqət etmək lazımdır.
Eyni prinsip bariatrik cərrahiyyəyə də aiddir. Əməliyyat qərarı verərkən cərrahın təcrübəsinə, real nəticələrinə və əməliyyatdan sonrakı müşahidə sisteminə diqqət etmək lazımdır.
Əsas sual “əməliyyat yaxşıdır, yoxsa iynə?” deyil. Əsas sual budur: konkret xəstə üçün hansı üsul daha real və daha uzunmüddətli nəticə verəcək?
Hər metodun öz yeri var. Amma Mounjaro, Ozempic, mədə balonu və botoksu bariatrik cərrahiyyənin əvəzi kimi təqdim etmək düzgün deyil, çünki ən sadə müqaisə zamani onun qarşısında acizdirlər. Böyük həcmdə (25+) çəki itirməli olan xəstələrdə bariatrik cərrahiyyə tamamilə ayrı bir müalicə yanaşmasıdır.
